Paste your Google Webmaster Tools verification code here

Yaradıcılığı

İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatında müasir nəsr, hekayə janrının banilərindən biridir. Qutqaşınlı ədəbiyyatımıza ilk realist nəsr əsəri olan «Rəşidbəy və Səadət xanım» hekayəsini, böyük coğrafi əhəmiyyətə malik olan səyahət oçerki- “Səfərnamə” toplusunu gətirmişdir.. Bundan başqa Qutqaşınlının «Tutu» adlı əsəri də olmuşdur.  Ancaq bu əsər itirilmiş və günümüzə gəlib çatmamışdır.
İsmayıl bəy haqqında ilk məlumatları  verən Salman Mümtaz onun haqqında yazırdı: “…Öz vaxtında fövqaladə ehtiram və nüfuza malik olan bu zatın türkcə qeyri-mətbu bəzi əsəri və fransızca da həyatımıza dair mətbu bir hekayəsi vardır”.
General Əliağa Şıxlınski xatirəsində yazır ki, o, Bum və Qutqaşın kəndlərində olarkən İsmayıl bəyin tanınmış şair olduğunu qardaşı Məhəmmədağa Şıxlınskidən eşidib. İsmayıl bəy “Miskin” təxəllüsü ilə şeirlər yazıb. Onun adının ilk dəfə çəkildiyi ədəbi qaynaq Hüseyn əfəndi Qaibzadənin “Azərbaycanda məşhur olan şüəaranın əşarına məcmuə”dir. Həmin məcmuədə verilmiş “Mədəd” adlı mürəbbedə Qasım bəy Zakir oğlu və qardaşı oğlu ilə bağlı bir problemlə bağlı İsmayıl bəyə müraciət edib.
«Avropa üsul və təsirində ilk hekayə yazan ədibimiz İsmayıl bəy, … ilk hekayəmiz də «Rəşid bəy Səadət xanım» adlı hekayəsidir»
 “Rəşid bəy və Səadət xanım”
 Bu uzun hekayə fransız dilində yazılmış ilk Azərbaycan bədii nəsridir. Qəbələ xanlarının nəslindən olan Səadət xanımla, Şəki xanlarının nəslindən olan Rəşid bəyin sevgisindən, həmin dövr Azərbaycan mühitinin gerçəkliklərindən bəhs edilən, AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan kitabın sonunda M.F.Axundzadənin avtoqrafı var. Axundzadə rus dilində bu cümləni yazıb: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram”.
15 mart 1846. MirzəFətəli”.
Əlyazmanı uzun zəhmətin bahasına ilk dəfə Salman Mümtaz əldə edib. Salman Mümtaz öz məqaləsində, kitabın izinə necə düşdüyünü, uzun illərdən sonra nəhayət Xasay xan Usmiyevin sayəsində 1922-ci ildə əldə etdiyini yazıb. Kitabı Xasay xandan 2-3 aylığa əmanət alan Salman Mümtaz onu tərcümə etmək istəyib, lakin səpməyatalaq xəstəliyinə tutulduğuna görə əmanəti geri qaytarıb, yenidən istəyəcəyini bildirib. Lakin Salman Mümtazın xəstəliyi 6 ayçəkib, bu müddətdə isə Xasayxan Vladiqafqazda vəfat edib, əsərin izi itib. 1932-ci ildə Salman Mümtaz Azərbaycan  Dövlət Muzeyinə elmi işçi təyinolunub, xoş təsadüfdən məlum olubki, Xasay xan kitabı başqa kitablarla birlikdə muzeyə satıb.
Əsəri ilk dəfə Səlimbəy Behbudov tərcümə edib, lakin Azərnəşrdə çapı nəzərdə tutulsa da, alınmayıb. 1937-ci ildə Salman Mümtazın həbsindən sonra əsər yenidən unudulub, iki il sonra 1939-da “Ədəbiyyat qəzeti”-ndə türkcəmizdə dərc olunub. 1956-da isə ilk dəfə olaraq kitab formasında çap olunub. Salman Mümtaz həmçinin İsmayıl bəyə məxsus “Tutu” adlı əsəri də tapıb, lakin sürgünə göndəriləndən sonra kitabxanası dağıdıldığına görə günümüzə çatmayıb.

 

 

 

“Səfərnamə”

 

1852-ci ildə İsmayıl bəy xanımı Bikə, bibisi Surə, Mirzə Hacı Əliəfəndi və digərləri ilə birlikdə həcc ziyarətinə yola düşüb. “Yolqeydləri” vəya “Səfərnamə” adlanan əsərində getdiyi yerlər haqqında İsmayıl bəy məlumat verib.

 

“Səfərnamə”nin bir nüsxəsi Şıx baba pirindən tapılıb, həmin nüsxəni İsmayıl bəyin dostu Hacı Əliəfəndi üzünü köçürüb, bir çox kitabların məhv edildiyi dönəmdə, əsərin qorunması üçün xalqın inam bəslədiyi pirdə gizlədilib. Hazırda 126 səhifəsi tapılmışdır.