Paste your Google Webmaster Tools verification code here

Həyatı

1809-cu il yanvarın 27-də Qurban bayramı günündə Qutqaşın mahalında (indiki Qəbələ rayonu) zadəgan  Nəsrullahın ailəsində doğulub. İsmayıl adının da Qurban bayramına görə qoyulduğu ehtimal olunur. Anasının adı Bədircahan xanım  idi.

Uşaqlıqda dini təhsil alıb, ərəb və fars dillərini öyrənib. Azərbaycan Çar Rusiyasının hakimiyyəti altına düşdükdən sonra xanlıq dövründə imtiyaz sahibi olan bəylərin çoxu əvvəlki statuslarında saxlanılsalar da, gələcəkdə hansısa qiyam qaldırmamaları üçün həmin bəylər müəyyən öhdəlik götürürdülər. Bu öhdəliklərdən biri də bəylərin övladlarından birinin Rusiyaya təhsil almaq üçün göndərilmələri idi.

Qutqaşının son sultanı, yeni statusu ilə mahal başçısı Nəsrullah ən kiçik oğlu İsmayılı Peterburqa oxumağa yollayır. Burada təhsilini uğurla bitirən İsmayıl bəy Qafqaz korpusundakı Gürcüstan Qrenadyor alayında hərbi xidmətə başlayır, praporşik (gizir) rütbəsi qazanır.

1826-1828-ci illərdə Rusiya-İran, 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibələrində iştirak edir. Vəzifəsi ilə bağlı olaraq Moskva, Peterburq, 1832-1836-cı illərdə isə Varşavada yaşayır.

1852-ci ildə İ.Qutqaşınlı istefaya çıxmış və öz vətənə qayıtmışdır.

O, Dağıstan valisi, Tarku Şamxalının dul qadını, Usmiyevlərdən olan Bikə xanımla ailə həyatı qurub.

Rus ordusundan itefaya çıxdıqdan sonra qardaşı- dövrünün ən böyük Nəqşibəndi-sufi alimi Şeyx Yəhya əfəndi Qutqaşınlı ilə görüşür.

Bundan sonra İ.Qutqaşınlı 1852-ci və 1854-cü  illərdə Məkkəyə-Həcc ziyarətinə getmiş, qayıdandan sonra Şamaxıda və Qutqaşında yaşamışdır.

İ.Qutqaşınlı 1861-ci il avqustun 14-də Ağdaş karvansarasında dincələrkən xanımı Bikə xanım Usmiyev ilə birlikdə  zəhərlənərək vəfat edib. Onun hökumətin əli ilə ermənilər tərəfindən öldürüldüyü ehtimal olunur.  Ağdaşdan Qutqaşına (Qəbələyə) gətirilərək Sultanbaba qəbiristanında dəfn olunub.

1985-86-cı illərdə görkəmli Azərbaycan yazıçısı, hərbi və içtimai xadim İ.B.Qutqaşınlının ev muzeyi yaradılmış və yazıçının məzarüstü abidəsi yenidən işlənmişdir.